ŞİRKƏT STRUKTURUNUN YARADILMASI

Şirkət strukturunun yaradılması

Şirkətdə aparılacaq əməliyyatları daha səmərəli və keyfiyyətli etmək üçün təşkilati struktur əhəmiyyətli rol oynayır. Belə ki, struktur üzrə departament, şöbə və ya bölmələrin yaradılması aparılacaq əməliyyatlar üzrə təsnifatlandırmanı təmin edir.

 

Təşkilati struktur yaradılmadan öncə mütləq şəkildə şirkətin təşkilati struktur üzrə əsasnaməsi tərtib edilməlidir. Əsasnamə strukturun hansı formada, hansı növdə olmasını, özündə nələri cəmləşdirdiyini, hüquqları, vəzifələri, öhdəlikləri və s. təsdiqləyən hüquqi sənəddir.Hazırlanmış əsasnamə şirkətin qanuni təmsilçisi(direktor)tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minmiş sayılır və həmin əsasnaməyə əsasən də direktorun əmri ilə ƏMAS-da(Əmək və Məşğulluq altsistemi) təşkilati strukturun yaradılması əməliyyatı icra edilir. Şirkətintəşkilati strukturunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi yalnız qanuni təmsilçinin əmri ilə hüquqi qüvvəli olur.

 

Təşkilati struktur əsas struktur, alt strukturlar-departament, şöbə və bölmələrdən ibarət ola bilər.Departament, şöbə və ya bölmələr üzrə strukturun yaradılması eyni zamanda hər bir struktur vahidi üzrə vaxtında:

-geri bildirimlərin alınmasını;

-işin gedişatının hansı mərhələdə olmasını;

-qərar vermə mərhələsinin operativliyini;

-işçilərin motivasiya edilməsini;

-işçilərin təlimatlandırılmaya ehtiyaclarının olub, olmamasını;

-performans idarəedilməsini;

-yaranacaq problemlərə effektiv və operativ həll yolunun tapılmasını;

-daxili nəzarətin gücləndirilməsini və s. təmin edir.

 

         Eyni zamanda yaradılan struktur üzrə ştat vahidlərinin yaradılması əməkdaşlar arasında:

-əməliyyatlar üzrə düzgün iş bölgüsünün aparılmasına;

-kəmiyyətin və keyfiyyətin ölçülməsinə;

-səmərəliliyin artırılmasına;

-iş yükünün normada saxlanılmasına;

-işçilərə vəzifələri üzrə məsuliyyətlərini daha yaxşı başa düşməyə və s. köməklik edir.

 

         Şirkətin təşkilati strukturunun olması həmin şirkətin mədəniyyətinin formalaşdırılmasında əsaslı rol oynayırvə əməkdaşların davranışlarına əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, strukturu, mədəniyyəti olan şirkətin mənəvi ağırlığı olur ki, bu da həmin şirkətin əməkdaşlıq etdiyi işçilərinə, biznes partnyorlarına, rəqiblərinə həmin şirkəti doğru tanıdır. Özünü əməkdaşlarına doğru tanıtmış şirkətdə hər bir əməkdaş öz vəzifə məsuliyyətini yaxşı bilir və layiqincə, həvəsli icra edir. Bu da şirkətdə performansın yüksəlməsini, əməkdaşlar ilə şirkət arasında mənəvi dəyərlərin artmasını təmin edir.

 

Təşkilati struktur şirkətin fəaliyyət istiqamətindəki yol xəritəsinin əsasını təşkil edir. Biznes aləmində sağlam struktura sahib olan şirkətin yolu hər zaman aydın olur və həmin şirkət öz əməkdaşlarını doğru istiqamətləndirmə potensialında olur ki, bu da şirkətin bazarda rəqiblərindən hər zaman öndə olmasına zəmin yaradır.

Qaynar xətt nömrəsi 0102520651